Xəbər lenti
Reklam
Nizami Gəncəviyə qarşı köhnə ənənə ilə YENİ TƏXRİBAT

AMEA Nizamini “kürd şairi” elan etməklə, onun türk şairi olmasına qarşı çıxaraq, ermənilərin dəyirmanına su töküb…
 Fransız, alman, ingilis, holland, italyan, polyak, ispan, rus və digər Avropa xalqlarının fikir adamları etiraf edirlər ki, Ortaçağ Avropa intibahının inkişafına görə Nizami Gəncəviyə minnətdardırlar. Dünya fəlsəfi və ədəbi həyatında ilk dəfə məhz Nizami Şərqlə Qərbin düşüncəsinin harmoniyasını polifonik səviyyəyə qaldırmış, onun estetik və poetik çalarlarını bütünləşdirə bilmişdir.
Prezident İlham Əliyev Nizaminin 880 illiyi münasibəti ilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib.  İllər öncə görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyev hansı ölkə ilə təmaslara önəm verirdisə, orada Nizamiyə abidə ucaldılmasını reallaşdırırdı. Son 17 ildə bu ənənəni “Heydər Əliyev Fondu” həyata keçirir. Beləliklə Avropanın mədəni paytaxtları Roman, London, Paris, Vyana, Sankt-Peterburq, Varşava, Belqrad, Afina, Budapeşt, Vaşinqton və digər şəhərlərdə  onun abidələri ucaldılıb. 1400-cü ildən bu yana Avropa alimləri yalnış olaraq, “Nizami Ganjavi persian poet`s” (“Nizami Gəncəvi İran (fars) şairidir) adlandırıblar. H. Əliyev və “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə ucaldılan abidələrdə isə belə yazılıb: “Dahi Azərbaycan şairi Nizami Gəncəvi”.
Nizami Gəncəviyə AMEA-da atılan bir çamurun izi ilə
Gender.az bildirir ki, “Hürriyyət” qəzeti neçə il öncə AMEA-nın Nizami Gəncəviyə çamur ataraq, ermənilərin planları əsasında onun azərbaycanlı, yəni türk deyil, kürd olması ilə bağlı dərc etdirdiyi kitabı tənqid etmişdir. Təəssüflər olsun ki, AMEA indiyə kimi susmaqda davam edir. Biz Nizamiyə sahib çıxdıqca, elm adına bəziləri təxribatla məşğuldurlar. Buna örnək kimi filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov Türk Dünyasının nəhəng fikir adamı Nizaminin “kürd” olmasını gündəmə gətirib. Onun redaktorluğu və giriş məqaləsi ilə Nizaminin “Leyli və Məcnun” əsəri dövlət proqramı kimi 2009-cu ildə “Nurlan” nəşriyyatında kitab nəşr edilib. Kitabın 230-cu səhifəsində Nizaminin “Anam Rəisənin xatirəsi” şeirində onun kürd kökənli olması qeyd olunub. Kitabda şeirin tərcüməsi belə verilibdir:
Kürd qızı anam da bizi tərk etdi,
Bir ana qəlbiylə dünyadan getdi.
Nə qədər ağlayıb, yansa da ürək,
Anama dil verən varmıdır görək?
Neçə illər öncə Tacikistan Elmlər Akademiyası Ədəbiyyat və Dilçilik İnstitutu 5 cildlik “Qolşane ədəb” klassik fars-tacik ədəbiyyatı kitabını nəşr edib. Orada Azərbaycan türklərindən Nizami Gəncəvi, Əfzələddin Xaqani, Şəms Təbrizi, Qövsi Təbrizi və digər dühalar fars-tacik şairi kimi qeyd olunublar. Mədəni, ədəbi, tarixi irsimizdə fəxr edə biləcəyimiz, qürur mənbəyi olan dahilərimizə qarşı mənşəyinə qaranlıq kölgə salmaq siyasəti aparılıb. Başlıca məqsəd Azərbaycan Türkünün dünyaya böyük şəxsiyyətlər yetirmək bacarığının olmaması, bu millətin dəyərlərinin fars, ərəb, kürd və digərlərinin hesabına inkişaf etməsi kimi alçaldıcı tarix yazılıb. Özünü klassik ədəbiyyatın, fars şeirinin dahi bilicisi kimi gözə soxmaqdan çəkinməyən Rəfael Hüseynovun belə əməlləri heç də yeni deyil. Nizamini “kürd şairi” elan etməklə R. Hüseynov onun türk şairi olmasına qarşı çıxaraq, ermənilərin dəyirmanına su töküb.
 
Türk oğlu Nizami Gəncəvi
Qayıdaq böyük Türk şairi Nizaminin etnik kimliyi və milli düşüncə tərzinə. Bu yöndə Azərbaycan ədəbiyyatşünaslığında saxta ehkamlar hələ də qorunub saxlanılır. N. Gəncəvi fars dilində yazmış olsa da, əsərləri türk təfəkküründədir. Belə ki, epos janrı ədəbiyyat tarixində farslarda heç zaman olmayıb. Nizami “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” kimi epik janrların Şərq aləmində əsasını qoyubdur. Onun klassik fars dilində yazdığı əsərləri hələ də dəqiq tərcümə olunmayıb. Ona görə ki, Azərbaycan ədəbiyyatşünaslığında saxta elmlər doktorları biabır ola bilərlər. Nizaminin yaratdığı möhtəşəm eposları çevirmək üçün ilk klassik fars dilini və türk düşüncə tərzini bilmək lazımdır. Bu iki dual anlayışdan bilgisi olmayanlar onun eposlarını anlamazlar. Orta çağda müsəlmanlığı qəbul edən xalqlar ərəb əlifbasına keçiblər. Farslar ərəb əlifbasında bəzi dəyişikliklər edərək öz qrammatik üslubuna çevirdilər. Ərəb əlifbasının fonetikasına əsasən dildə “g”, “p”, “ç”, “j” samitləri olmayıb. Farslar isə bu üç samit hərfdən “p, ç, j” səslərini artırsalar da, “g” samitini yüz ildir işlətməyə başlayıblar. Yəni “kafi-əcəm” adlanan “k” hərfini k kimi yazsaydılar, dil və fonoteik qanunauyğunluğuna görə “g” kimi tələffüz edirdilər. Nizami, Xaqani, Mövləvi və digər türk şair və yazarların əsərlərində, eləcə də dövlət sənədlərində bu hadisə gözə dəyir. Biz əski ənənəyə görə “g”səsinin yerinə “k” hərfi gələn kəlmələrdən bir neçəsini Osmanlı tarixindən örnək olaraq göstərə bilərik. “Tarixi Ğəzəvat – i Osman Paşa Özdəmirzadə” əsərinə baxaq. Burada bir neçə söz k hərfi ilə yazılsa da, onlar g kimi oxunmalıdır, yoxsa sözlərin mənası dəyişikliyə uğrayar. Dəstkah: bu sözü yazıldığı kimi – dəst (əl) və kah (saman) kimi oxuna bilər, əslində dəstgah//dəsgah (dəzgah) olmalıdır; Ənkoştər-i : üzük mənasında olan “əngoştər//ənqoştər” “ənkoştər” kimi oxunduqda mənasız kəlmə olur; Pələnk: pələng, Xədənk (mənasız!): xədəng (ox); Nekarənde: bu kəlmə həm nəkarənde (əkməyən), həm də nekarəndə (mənasız) kimi oxuna bilər, amma bu kəlmə “negarənde neqarənde”dir və mənası “yazan” deməkdir. Göründüyü kimi, yəni qord//gord (igid) sözü “g” səsi tərkibində olan başqa kəlmələr kimi k şəklində yazılırdı. Elə buradan Nizamidə yazılış forması (kord)  olan kəlmənin oxunacağı şəkli qord olmalıdır. Ancaq, bəzi ədəbiyyatçılar yazıldığı kimi kord (kürd) tələffüz edərək sözün mənasının dəyişilməsini nəzərə almadan tərcümə ediblər. Bu məsələdə öncə Nizaminin əsərində mənanı və sözlərin mətndaxili anlamları nəzərə alınmalıdır. Yoxsa fonetik tərkibli kəlmələri (omoqrafları) əsasında təhlil etsək, avamlığa yol vermiş oluruq.
 
Türkə “kürd” yarlığı nə üçün vurulur
Nizaminin “Leyli və Məcnun” əsərində bu misralara baxaq:
ر مادر من رئیسه کرد[گرد] مادر صفتانه پیش من مرد
Şeirin mənasını bədii tərcüməsindən
Kürd qızı anam da bizi tərk etdi,
Bir ana qəlbiylə dünyadan getdi.

fərqli olaraq daha elmi tərcüməsini veririk:
Mənim qord və ya kürd rəisəsi olan anam,
Bir (təbii və həqiqi) ana kimi mənim yanımda öldü.

Burada yaranır. Bu kəlmə “kord” yazıldığında kürd kimi oxunsa, bəs onda Nizami sonradan dediyi “Mənim yanımda bir (təbii və həqiqi) ana kimi öldü” ifadəsindən nəyi başa düşmək olar? Yəni bir kürd ana Nizaminin yanında bir ana kimi ölə bilməzdimi? Nizami kord (kürd) yox, qədim yazı ənənəsinə görə gord- qord (igid, cəsur) kimi bu kəlməni nəzərdə tutmuşdur və buradan da misranın mənası öncəkindən daha uyğun gəlir: “Mənim anamın elin bir qəhrəman və cəsarətli qadın rəisə (elin, tayfanın rəsi) olmasına baxmayaraq, mənim yanımda doğma və təbii bir ana kimi öldü”. Bu, öncə verdiyimiz mənadan  həqiqətə yaxındır. Ona görə də Nizami xatırladır ki, mənim anam bir igid qadın kimi (başçı) vəzifəsində olmasına baxmayaraq öz analıq vəzifəsini yerinə yetirə bilmişdir və Nizami də bu üzdən deyir:
Elin igid rəisəsi olmasına baxmayaraq,
Yanımda bir ana kimi öldü (can verdi).

Bu məsələni belə yozmaq misrada mövcud kəlmələrin məna vəhdəti ilə daha uyğun gəlir. Nizami başqa yerdə belə deyir:
 
پدر بر پدر مر مرا ترک بود که هر یک به فرزانگی گرگ بود.
 
(Mənim neçə atam (yeddi arxam) türk idi, Bilikdə, ağılda hər biri qurd kimi idi. (Onun əlyazmalarında qorq (qurd)[گرگ] kord kimi yazılıb. Amma burada heç kim “kord” deyə bilməz. Çünki kürdlə qurdun heç bir uyğunluğu yoxdur və qurd sözü ilə türk sözünün uyğunluğu danılmaz bir gerçəkdir). Burada Nizami türkün Bozqurd əfsanəsindən asılı olaraq yaranan və xalq içrə birinin bilikli olduğunu “qurd kimi çox bilir” ifadəsi ilə çatdırmaq istəmişdir. Bir tərəfdən də Nizami həmən “Leyli və Məcnun” eposunda bir sadəlövh kürdə aid təmsilində bu misraları qeyd edibdir:
کردی خرکی به کعبه گم کرد در کعبه دوید واشتلم کرد
کاین بادیه را رهی درازست گم گشتن خر زمن چه رازست
این گفت و چو گفت باز پس دید خر دید و چو دید خر بخندید
گفتا خرم از میانه گم بود وایافتنش به اشتلم بود
گر اشتلمی نمی‌زد آن کرد خر می‌شد و بار نیز می‌برد
“Bir kürd Kəbədə eşşəyini itirdi,
Kəbədə (o yan, bu yana) qaçıb hay-haray saldı:

Bu çöldə mənim uzun yolum var,
Mənim eşşəyimin itməsində nə sirr var?
Belə (çığıraraq) dedi və sonra yenidən (eşşəyi) gördü,
Eşşəyi gördü və (eşşəyi) görcək güldü:
Eşşəyim aradan yox olmuşdu ha,
Əgər çığırmasa idim, tapılmazdı.
O kürd çığırmasa (hay-küy) idi,
Eşşək olub yük də aparacaqdı” .
Anasını kürd adlandıran Nizamiyə sadəlövh kürdün belə xoşa gəlməz vəziyyətdə hekayəsini anlatmaq nəyinə gərəkmiş? Ağız ədəbiyyatımızda dayanıqlı olan etimoloji qaynaqlara nəzər saldıqda bunun təsdiqini tapırıq. Bunları deməkdən məqsədimiz odur ki, Nizaminin anasının kürd olması onun özünün türk olduğunu heç də aradan qaldırmaz. Ancaq kim bilir ki, sonralar ermənilərtək PKK yandaşları da kürdlərə aid olmayan Novruz Bayramından siyasi məqsədlərinə uyğun şəkildə alət olaraq istifadə etdikləri kimi bu məsələni bəhanə edərək Nizaminin anasının kürdlüyünü irəli sürərək Gəncənin kürdlərə şəhəri olduğu iddiasını qaldırmazlar? Biz bunun elmi əhəmiyyəti ilə yanaşı onun siyasi cəhətinə görə də toxunuruq ki, gələcəkdə ermənilər kimi üzdən iraqlara bəhanə kimi torpaq yarası (“Nizami kürddür” – deyə “Gəncədən bizim ana irsimizi verin”) kimi yeni bir iddianın çıxmasına yol verilməsin.



Ənvər BÖRÜSOY


Tarix: 19 yanvar 2021
Baxış: 547

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş