Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Ermənistan Ağdamın tarixi abidələrindən də "qisas" alıb
 
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
 
Qarabağın ən böyük inzibati-ərazi vahidlərindən olan Ağdam rayonu Aran Qarabağla Dağlıq Qarabağın birləşdiyi ərazidə yerləşir. 1150 kv. km. əraziyə və 65 yaşayış məntəqəsinə malik rayonun ərazisinin 78%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilmişdi.
 
Burada aparılan tədqiqatlar rayonun qədim insanların yaşayış məskənlərindən olduğunu sübut edib.
 
"Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa başladığı müəyyən edilib. Azərbaycan arxeoloqu İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı rayon ərazisində ilk qədim insanların altı-səkkiz min il bundan əvvəl - Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşadığı məlum olub. Rayon ərazisində Leylatəpə və Üzərliktəpə qədim yaşayış yerlərində Eneolit və Orta Tunc dövrünə (e.ə. II minilliyin birinci yarısı) aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib".
 
Bu barədə Sputnik Azərbaycan-a tarixçi Kamran İsmayılov danışıb.
 
Onun sözlərinə görə, rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri var. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatıb. Üzərliktəpədə tapılmış maddi-mədəniyyət qalıqları buranın Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin abidələri olan yerlərdən biri olduğunu təsdiq edib.
 
Tarixçi qeyd edib ki, rayon ərazisindəki ən böyük İslam dini abidəsi Ağdam şəhər Cümə məscididir. İki minarəli və ikimərtəbəli məscid 1868-1870-ci illərdə Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Kərbəlayi Səfixan Qarabaği sayəsində "Qarabağ məscid memarlığı" adlı üslub formalaşıb və bu üslubu başqa heç bir digər üslublarla səhv salmaq mümkün deyil. Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilib. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları pozulub.
 
Ekspertin sözlərinə görə, Ağdam şəhərində nadir islam abidələrindən biri də Qutlu Musa türbəsidir (və ya Xaçındərbətli türbəsi) Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən və 1314-cü ildə inşa edilən bu abidənin əsas məziyyəti onun həcmində deyil, ənənəvi quruluşunun özünəməxsusluğundadır. Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var. Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.
 
Rayon ərazisində İslam dini abidələri sırasında məscidlər Boyəhmədli məscidi (XIX-XX əsr), Qiyaslı məscidi (XVIII əsr), Papravənd məscidi (XVIII əsr), ziyarətgahlar (Xanoğlu türbəsi (XVIII əsr) – Ağdam şəhəri, Türbə (XIX əsr) – Ağdam şəhəri, Türbə (XVIII əsr) – Papravənd kəndi, Şeyx Nigari türbəsi (XVIII əsr) – Papravənd kəndi, Türbə (XVIII əsr) – Maqsudlu kəndi, Türbə (XIV əsr) – Kəngərli kəndi, Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanlığında, Türbə (XIX əsr) Uğrulla bəyin türbəsi (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanlığında, Qəbiristan (orta əsrlər) – Papravənd kəndi, Qəbiristan (orta əsrlər) – Qızıllı Kəngərli kəndi, Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi, Eşq Abdal piri – Üçoğlan kəndi, Əli pəncəsi (daş) – Gülbalı kəndi, Cındırlı piri – Kəngərli kəndi, Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi, Daş heykəl – Boyəhmədli kəndi, Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi Azərbaycan Respublikasının ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxildirlər. Bu siyahıda Ağdam rayonunun ərazisində yerləşən tarixi memarlıq abidələri - Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri, İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri, İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi, Karvansara (XVIII əsr) – Şahbulaq kəndi, Bürc (XVIII əsr) – Şahbulaq kəndi, Sərdabə (XV əsr) – Ağdam şəhəri, Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri daxildirlər.
 
"Bütövlükdə Ağdam rayonu üzrə 140 tarix və mədəniyyət abidəsi qeydiyyatdadır ki, onların da əksəriyyəti erməni vandalları tərəfindən dağıdılaraq məhv edilib", - deyə tarixçi vurğulayıb.
 
K.İsmayılovun sözlərinə görə, Şuşa, Ağdam, Füzuli Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilib.
 
"Ağdam və Füzuli şəhərlərinin bugünkü görünüşləri 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərini xatırladır. İstər Azərbaycanın işğal edilmiş ərazilərində, istərsə də Ermənistan respublikası ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilib və yer üzündən silinib. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınıb", - deyə tarixçi bildirib.
 
O bildirib ki, ermənilər Ağdam rayonu ərazisində "Tiqranakert şəhərinin" qalıqlarını "tapdıqlarını" iddia edirdilər.
 
Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Ağdam rayonunda 93 abidə yer alıb.
 
Ağdam rayonunun 107 kitabxana; 27 klub; 13 mədəniyyət evi, dram teatrı, ölkəşünaslıq muzeyi, çörək muzeyi vardı. Ağdam rayonunda ümumi kitab fondu 970 min 996 nüsxə təşkil edirdi. Rayonun 1993-ci il 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki 107 kitabxana tamamilə dağıdılıb və rayon kitabxanalarına təqribi hesablamalara görə 2 milyon 850 min manat məbləğində maddi ziyan dəyib. \\Qaynarinfo
Tarix: 21 noyabr 2020
Baxış: 233

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş